İran Qarabağda işğalçı ermənilərə haqq qazandırır
Bir müddət bundan öncə İran rejiminin “Şərq” adlı qəzeti “Artsax” cümhuriyyətinin xarici işlər naziri Masis Mayiliyandan müsahibə almışdı. Əlbəttə, xatirladaq ki, “Artsax” cümhuriyyəti adında bir ölkə ancaq Ermənistan tərəfindən rəsmi tanınıb, dünyada heç bir ölkə bu qondarma cümhuriyyəti tanımır. Buna da əsas bir səbəb var, əslində “Artsax” adlanan məntəqə Azərbaycanın işğal olunmuş ərazisidir, onun əsl adı Dağlıq Qarabağdır. Bu müsahibənin əvvəlində “Şərq” qəzetinin müxbiri qeyd edir ki: “Sovet ittifaqında son statistik göstərir ki, Qarabağda yaşayan əhalinin 80%-i erməni idi və onlar da istəyirdilər, Ermənistanla birləşsinlər. İran bunu nəzərə almalıdır ki, “Artsax” cümhuriyyəti Qafqazda bir önəmli siyasi aktyorlardan sayılır və İranla 138 km sərhəddi var.” Bu girişdən sonra Masis Mayiliyanla müsahibə dərc olunub və müsahibə fars dilində elə qurulub ki, ermənilərə sülhsevən bir millət kimi bəraət qazandırır.
Biz dəfələrlə demişik ki, istər Güney Azərbaycanda, istərsə də Quzey Azərbaycanda xalqımız İran rejiminin din altında gizlənməsinə aldanmasınlar. Əgər İran rejiminə islam dininin şiə məzhəbi önəmli olsaydı, o zaman İran rejimi Quzey Azərbaycan dövlətinə və xalqına Qarabağ məsələsində dəstək olardı. Çünki Quzey Azərbaycanda yaşayanların əksəriyyəti islam dininin şiə məzhəbinə inanırlar. İran rejimi açıq-aşkar Ermənistanin hakimiyyəti ilə çox yaxın siyasi, iqtisadi və xüsusən hərbi əməkdaşlıq edir. Hətta, bir müddət bundan öncə mətbuatda ifşa olundu ki, İran rejimi Ermənistana müxtəlif silahlar, o cümlədən uzaq məsafəli raketlər verir. Ümid edirik ki, bu gerçəklər bizim bəzi sadəlövh azərbaycanlıları cəhalət yuxusundan oyadar, onlar bundan artıq İran rejiminə aldanmazlar.