Ədalətli bölgü (“İran hizbullah zindanında” romanından)
-Allah deyir, – molla uzun bir fasilə verib, təsbehini şaqqıldada-şaqqildada zindan rəisinə mənalı göz atıb sözünə davam etdi, – o buyurub ki, zindanilərdən mərhəmət və şəfqətinizi əskik etməyin…
Zindan rəisi eşitdiklərinə inana bilmirdi. Allahın buyurduğu bu mütərəqqi fikrin hardan gəldiyini öyrənmək məqsədi ilə o, çanağından başını havaya çıxaran tısbağa kimi boynunu mollaya sarı uzatdı. Sağ olsun yenə molla, rəisə ağzını yormağa imkan vermədi, o yaxşı bilirdi ki, qarşısında oturan bığ yeri təzə tərləmiş sütül pastaran deyil ki, ağzın ayırıb mollanın bəlağətli nitqinə heyranlıqla qulaq versin.
-Müqəddəs kitablarımızda xüsusi yazılıb. – Zindan ağasının şübhəsini molla belə öldürdü.
-Aha!
İnsanlıqdan nişan verən sətirlərin Qurandan gəldiyini molla israrla vurğuladığından zindan rəisi sorğu sormağı lüzumsuz bildi. Əks halda müqəddəsliyə şəkk gətirmiş birisi kimi adını mollanın dilində hallandırmağa rəvac vermiş olardı. Çox guman, mollanı balağətli nitqini davam etdirməyə qüvvət verən elə rəisin susması oldu. Hələ min doqquz yüz yetmiş səkkizinci ilin payızında Ağeyi Xomeyninin səsi yazılmış kaseti Tehran hava limanında təyyarədən endiriləndə, bu cənab molla:
– Ay millət, nə yatmısınız, görmürsünüz, mübarək Sahibi Zamanın gəlişini? Bu qədər səssizmi qalacaqsınız?
Adamlar təyyarədən kimsənin endiyini görmədiklərini dilə gətirəndə molla özünə əl qatmışdı:
-O, gələcək! Gələcək! Mütlaqa gələcək, gəlməyə bilməz!
-Molla, gerçəkdənmi gələcək?
Təyyarənin matorunu yağlayan cavan oğlandan bundan savayı necə bir sadəlövh sual gözləmək olardı?
-Bəs, necə? Bu zamanın tələbidir! – Molla əsasını İsa Məsih kimi üç dəfə yerə çırpıb başını göyə qaldıraraq: – Kəramətinə inanmayana lənət! – Hamının eşidə biləcəyi bir tonda bağırıb hava limanını səsi ilə silkələmişdi.
-Nə zaman? – Sualına…
-Tezliklə! Əlbəttə, tezliklə!
-Tezliklə?
-Lap tezliklə! Xilaskar can üstə olanlarını intizarda saxlamaz, yetirər özünü ondan can istəyənlərə! – Molla özüməməxsus tərzdə beyinləri iynələyən bir səs tonu ilə xilaskarın göylə gələcəyini beyinlərə batırmışdı.
– Nədən bilirsən? – Sual edənə…
– Zamanın sahibi əvvəl nişanəsini göndərər, sonra özü təşrif gətirər! – demişdi.
-Nədən birbaşa özü gəlməz ki?
Sualını molla adəti üzrə cavabsız buraxmayıb:
-Bəs, necə olmalıdır? Sahibi Zaman birdən-birə zühur etsə, cəmahət çaşmazmı? O öz gəlişinə məxluqatı hal-hal hazırlayır.
Ağayi mollanın Zamanın Sahibi ilə bağlı verdiyi məntiqli təqdimatdan sonra millət artıq tək onun səs kasetlərini yox, Paris təyyarəsini də zamana sahiblik etməyə qadir qüvvə kimi beyinlərinə həkk etdilər. Amma o kasetlər! Nə bayaq aqibət qazandılar. Bir olan kaset Tehranın mərkəzinə yetişəndə sayı minlərlə oldu, üzü köçürüldü, surəti artırıldı, əl-əl gəzdi, məxluqatlar yüz-yüz yığışıb iki yüz-iki yüz qulaqla dinlədilər. Ağayi Xomeynin kafir ölkəsi Parisdən gələn səsi dindar İranı Sahibi Zamana hamilə etdi.
Rəis min doqquz yüz yetmiş səkkizinci ilin qışında mollanın Paris təyyarəsinin burnunda oynadığı iki adamlıq mini tamaşanın gözə görünməyən rejissoru idi. O təyyarənin bağajından molla demiş, frənglərin Tehrana göndərdiyi yükü boşaldırdı.
İndi qarşısında əyləşib iki qulağını şəkləyib onun müqəddəs kitabdan tapdığı erkək cinsiyyət orqanına xidmət edən sətirləri misal çəkə-çəkə rəisə dərs verən mollanı dinlədikcə, nədənsə qulağına təkrarən Paris təyyarəsinin Tehran hava limanında yağlanmaq üçün növbə gözləyən yorulmuş matorunun uğultusu dəyirdi.
-Kitabımız buyurur ki, zindandakı qızlar sizin halalca malınızdır.
Rəis mollanın ağzından çıxanları bu dar zindan otağında xəyalən səhnələşdirməyə başladı. Din xadimi isə ssenarisini yazmaqda davam edirdi.
-İstərsiniz onları satın… – O ani rəisin üzünə baxdı, rəis onun dediyini qeyri-ixtiyarı başı ilə təsdiqlədi, baxmayaraq mollaya nəsə satmağın mümkünsüz olduğunu bilirdi. – İstərsinizsə başqasına bəxşeyiş verin… – Onlar sizin qulunuz, cariyənizdir…
Gördüyündən göz kirəsi istəmək bu molla tayfasının köhnə adətidir, mollanı mənalı baxışlarla süzən zindan rəisinin üzündən bunu oxumaq çətin deyildi. Güman ki, molla da rəisin nə düşündüyünü atüstü dərk etmişdi. Bəlkə o üzdən idi nitqini davam etdirib allahın qadın dustaqlarla bağlı pay bölgüsünə düzəliş etdi.
-İstəsəniz özünüzə zövcə edin… İllah ki, onları özünüzdən narazı salmayın.
-Əlbəttə, bu qədər ədalətli buyruğa hansı müsəlman əməl etməz?
Rəis sual verməklə molladan cavab gözləmirdi, sadəcə, onun cinayətkar qadınlardan sərfəli istifadəylə bağlı mütərəqqi bölgüsünü təsdiqləyirdi.
-O zaman nəyi gözləyirsən?
Mollanın sualı rəisi yerində qurcalanmağa məcbur etdi.
-Molla lütf edib nəyi görmək istədiyini deyərdisə, allahın sadiq qulu icrasını əsirgəməzdi.
-Sən kimi arif adama mənmi buyurmalıyam?!
-Ağa lütf etsin, müşkülü desin, bu allah bəndəsi, – rəis əlini sinəsinə tutdu, – icrasına hazırdır.
-Pay veriləcək zindanini niyə gözlətdirək ki? O zavallı da qoy edamdan əvvəl muradına çatsın.
Rəis qəfildən ilan çalmış qurbağa kimi yerindən atıldı. Qarşısında molla yox, kaş pastaran olaydı, onu anında otağından qovmağa hazır idi. Çünki o adətən pastaranlara diş qıcadanda yerindən qəfil tullanardı. Allahın buyurduğu kimi mollaya zindandan bəxşeyiş verəcək qədər əliaçıq olmayan rəis əlüstü bəhanəsini tapdı:
-Ağa, bu günlük edam olunacaq qızı artıq zövcə etmişik.
Zindani qızların bölüşdürməsində özünü ilk növbədə təmin edən rəis cürət etmədi mollaya zövcə etmişəm desin. Bu səbəbdən qızın qadınlaşmasını ümumiləşdirdi.
Molla zindani malın bu dəfə bəxşeyiş forması almamasına qəzəblənmədi düşünsək, səhv etmiş olarıq.
-Qanunda buyurulur, əsl müsəlman əvvəlinci payı qonağa verər, dostu təmin edər…
Molla həyəsızlığına heyrət edən rəis ağzı açıq onun bölgü ilə bağlı şərhini dinlərkən molla nitqinə belə xitam verdi: – axırda pay qalarsa, özünə sərf edər. Çünki müsəlman təvəzökar olmalıdır.
Dizləri süstəlmiş rəisin ayaqları ağır qarnını saxlamağa qadir olmadiğından özünü kresloya buraxdı.