Itaət təlimi (İran hizbullah zindanında” romanından)
Bu yerdə Müntəziri İslam inqilabının ikinci qışında ağa ilə olmuş söhbətini xatırlamalı oldu.
-Xalqın gözünü qorxutmasan, itaət etməz. İtaət etməyən bir canlını necə idarə edəcəksən?
Müntəziri ağasının kütlə idarəçiliyi ilə bağlı nəzəriyyəsinə qulaq verə-verə dərin fikrə getdi. Ağa isə sankı qızıl xırdalayırdı, sözün içindən söz çıxarıb sağına-soluna şərh verirdi.
-İtaət o demək deyil ki, səni gördükdə səcdəndə baş əysinlər. Kütləni idarə etməyi bacaran liderin səriştəsi ölkənin ən ucqar nöqtəsində belə özünü nişan verməlidir. Sənin adın gələndə salavat çevirib zikr edərlər və sənsiz yaşayışın varlığına inanmazlar.
Kommunisti, şahçısı, mücahidi, solçusu, sağçısı olan bir ölkədə, görəsən, ağanın itaət nəzəriyyəsi nə qədər vüsət tapa bilərdi? Sualına cavab tapmaq minvalı ilə varis sordu:
-Ağa, milyonlarla insanı necə itaətə tabe edəcəyik?
-Çox sadəcə! Yetər ki, sən ağanın varlığına inanasan!
-Əstafurla, ağa. Ağaya şəkk edənə lənət…
Müntəziri hələ lənət kəlməsini ağzında qaynadıb çıxarmamış ağası əlinin altındakı Notre-Dame nəhəng kilsə zənginin xırda modelini havaya qaldırıb bir neçə dəfə silkələdi. Anisindən qapı açıldı, içəri girən Dehqani ağanın qarşısında iki qat əyilib səcdə qılandan sonra belini dikəltmədən dilləndi:
-Ağa buyursun!
-Get, həyətdən bir qara toyuq tut gətir!
Dehqani belini dikəldib, nəinki toyuq dalıyca getmədi, əksinə yerinə mixlanıb gözlərini döyərək ağasına baxmaqda davam etdi.
-Get də, a gəda, nə gözləyirsən?
Ağanın şəxsi köməkçisi canlının cinsi ilə bağlı açıqlama istədi:
-Ağa, xoruzmu, yoxsa…
-Nə yoxsa?
-Yoxsa yumurtayan toyuqlardan tutum?
Söhbətin şirin yerində hinə olan hücumun nəyə gərək olduğunu dərk etməyən Müntəziri gedişatı maraqla izləyirdi, görsün nəylə bitəcək. Elə bu an ağa söhbətə nöqtə qoydu:
-Xoruzla bacarmaq o qədər də asan olmaz. Elə o fağır toyuqlardan birisini tutub gətirsən yetər. Əsas olan tərbiyə metodunu varisə göstərməkdir ki, yetərli dərs alsın.
Eşitdiklərinə Müntəzirinin qulaqları alışıb yandı, ürəyi böyləməyə başladı. Ocağın üstündəki qaynar çaydanı kaş görməyəydi. Çünki beyninə qara-qura Çin sayaq adətlər gəldi. Düşündü, yəqin ağası itaətin sərtləşdirilmiş formasını nümunə göstərən an toyuğu başı üstə qaynar çaynikə salacaq. İtaətə başqa hansı sayaq tərbiyə metodu göstərmək olardı bu dörd divar arasında?
Dehqaninin təngi-nəfəs içəri girməsindən toyuğu qovub tutduğu bəlli idi.
-Gətir görüm! – Daim əmrə müntəzir köməkçisinin toyuğu onun hüzuruna gətirməsindən ötrü ölkə ruhanisi əmr verdi.
Xomeyni əbasının qollarını ədəb-ərkanla çırmayanda varisin tərbiyə metodunu öyrənmək marağı birə beş artdı. Digər səbəb isə dünyanı islam dini xilas edəcək deyən bir zatın, toyuqla nə kimi məşq keçəcəyi bu yerdə tək varisi yox, hər kim olsaydı çaşdırardı.
-Bismillahi rəhmani rəhim! O tək olan Allahın izni ilə varisə ən çətin təlimə yatan canlı olan məxluqatın mürəkkəbi insanın itaət etmə yolunu öyrədək, qoy, o da görsün dünyada həll olunmayacaq müşkül yoxdur. Yetər ki, beyni işlədəsən!
Ağa ədəb-ərkanla qollarını çirməyib bitirn tək Dehqani qara toyuğu ona uzatdı. Toyuq çırpınıb canını azad etmək istərkən ağa onun iki ayağını çütləyib dizinin altına qoydu və əməliyyatın əsas hissəsinin burdan başladığını hesab etmək olar.
-Ağa izin versəydi, mən yardımçı olardım!
Dehqaninin yardımından imtina edən ağa mənalı-mənalı qımışdı:
-Güman edirsən, məxluqu idarə etməkdə ağan acizdir?
-Əstafurla, ağa mən nə karəyəm ki, sizin haqqınızda belə balaca fikridə olum.
-Elə isə çəkil yerinə, tamaşa et!
Qapının arxasına qədər dal-dala gedib qapı dalında yerini tapan Dehqani, öz-özlüyündə “mənimki yalnız avtağa daşımaqdır… təsadüfəndə toyuq tutmaq. Əlbəttə, idarəçilik kimi məsul işin öhdəsindən mən gələ bilmərəm” düşündü.
Ağa birinci toyuğun başın sığalladı, sonra əlini arxasına vurub gülümsədi:
-Maaa…şallah, məhsuldar heyvandır, sabaha yumurtası var!
O, toyuğun arxasında çirklənmiş barmağını toyuğun kürəyinə sürtüb təmizlədi.
-Ağa, bu toyuq hər gün yumurtayır. – Dehqani Kolumbun Amerikanı tapması qədər heyratamiz bir kəşf etmiş kimi cəld dilləndi.
-Əslində elə daimi məhsul verən üzərində təcrübə aparmaq məqsədəuyğundur, – varisin üzünə ani nəzər salıb dediklərinə onun reaksiyasını öyrənməyə çalışdı. Varis susqun baxışları ilə ağasının fikrini təsdiqlədiyini ifadə etmiş oldu. O, bu susqunluqdan ilham alıb fikrini axıra qədər izah etdi: – Çünki verdiyi məhsula arxayın olub üstümüzə ayaq açmasın.
O, qəfildən toyuğun belindən bir çəngə tükü dartıb çıxaranda zavallı heyvan qıy vurub yerindən hoppandı, iki qanadını ağanın sinəsinə çırpıb qaçmağa cəhd etdi. Amma necə? Hər iki ayağı ağanın möhkəm dizləri altında dustaq olmuşdu. Görünür ilk zərbədən sonra gələn ağrılar canlı üçün adiləşir, bəlkə də, ağrıya alışır. O üzdəndir, toyuğun sonrakı çabaları, çırpınıb azadlığa çıxma cəhdləri o qədər də güclü olmadığı kimi, səsini də hərdən bir çıxarırdı. Hiss olunurdu, canı ağrıdığı üçün qımıldayır, birdəfəlik azadlığı üçün yox. Ağanın toyuğu lütləməsi on dəqiqə çəkdi. Qəribədir toyuq qanadlarındakı lələklərin yonulub atılmasına daha etinasız yanaşdı, nəinki canından qoparılan tüklərə.
Ağa səriştəli tük yonanmış, varis ağası haqda yüksk fikir söyləməkdə heç bir ədalətsizlik etmədi. Gerçəkdən də toyuq lümmə-lüt qalmışdı. Yalnız sol budundakı tüklərin dəri ilə birgə qopmasından heyvanın qanı şorranıb ayağna axırdı. Ağa toyuğu buraxdığı an o ilk dəfə azadlıq üçün etdiyi çabanı indi reallaşdırmağa tələsmədi. Durduğu yerdəcə barmaqlarını döşəməyə dirəyib, iki qanadını gövdəsinə çırpdı, zavallı heyvan məyus oldu. Elə bil sanki ona indi çatırdı bütün tükləri mənimsənilib. Qanadları küləyi qova bilmədiyindən o yerindəcə durub məyus baxışlarla ağaya nəzər saldı. Onun qanad çırpmasından bədənindəki xırda tüklər havaya qalxıb ağanın burnunu qıcıqlandırdığından o dalbadal bir neçə dəfə asqırdı.
Dehqani canıyananlıqla dilləndi:
-Ağa, toyuğu aparımmı:
-Gəda, nə dediyindi:
Dehqani qorxmuş halda çiyinlərini çəkdi.
-Əsas iş indi başlayır! Sən bu zir-zibili yığ at! – O əli ilə otaqda uçuşan qara toyuq tüklərinə işarə etdi.
Üşüyən toyuq isinmək üçün ocağa doğru qaçdı, çılpaq gövdəsi yandığından pəncərəyə sarı üz tutdu. Amma orda çox qalmadı, çünki üşüdü.
Toyuq Xomeyninin qucağına sığındı. Ağa kiş-kiş edib onu özündən uzaqlaşdırmağa səy göstərdi, amma cəhdi əbəs idi. Otaqda o tərəf-bu tərəfə vurnuxan toyuq sonda ağanın əbasının altına girib sığınırdı. Ağa balağını yuxarı qaldırıb toyuğu küləkləyərək özündən uzaqlaşdırmağa cəhd etdiyi an, görünür zavallı canlı küləkdən üşüdüyündən idi, bu dəfə gəlib ağanın əbasının yarığından içəri soxularaq onun iki qıçının arasına sığındı. Ağa bir neçə dəfə onu İraq səfəri zamanı Kəlbəladan gətirdiyi kəhraba təsbehi ilə döyüb tənbeh etmək istədi ki, özündən uzaqlaşdırsın, amma çi fayda, toyuq artıq özünə isti yer tapmışdı.
Zavallı canlı qışda iranlı sayaq tüksüz yaşamaqdansa, kaş, çinli sayaq qaynar suda pörtüləydi! Müntəzirinin qənaəti belə idi.
Ağa əlini əbasının üstünə qoyub:
-Bax, oğul, xalq dediyin kütlə, bu toyuq kimidir. Elə tərbiyə etməlisən ki, əlacı səndə tapsın!
Eluca Atalı