Abort “Iran hizbullah zindanında” romanından bir parça
Dehqani ədaləti tərəzi ilə ölçən demokrata – xahəri Zeynəb əsgərinə baxıb gülümsədi. Dünyada ədalət simvolu olan məşhur qadın heykəlinin başına çadra, ağzına niqab, gözünə qara eynək taxandan bəri onun mahiyyəti qalmaq şərti ilə imam onun ismini molla lüğətinə uyğunlaşdırıb, sadəcə, xahəri Zeynəb əsgəri qoymuşdu. Əslində, onun məntiqində yanlışlıq yox idi, çünki heykəldə təməl əlamətindən əlindəki tərəzidən savayı heç nə qalmamışdı. Dehqani içəri girəndə imam əlində arvadının göz sürməsi divara yaxınlaşıb əlinin arxası ilə qadının sinəsin sığallamağa başladı, şəklin mahiyyətin unudub, ona kişi gözü ilə baxan imamın zavallı köməkçisini soyuq tər basdı. İmam sürmə qabından göz çöpünü çıxarıb şəklin sinəsinin açıq qalan hissəsini ehmalca rəngləməyə başladı.
-Etiqadımız batil olar, bu arvadın açıq sinəsinə baxsaq!
Dehqanı imam haqqında bir az əvvəl düşündüyü yanlış fikrinə görə xəcalət çəkib utandı. İmamsa sürmə qabının dibin sıyırıb qara rəngin son zərrəsinə qədər xəhəri Zeynəb əsgərinin simvolunu xirtəyinə qədər rənglədi. O bir qədər kənara çıkilib divara tamaşa edəndə:
-Bəh, bəh! – Ağa gördüyü işdən məmnunluğunu bundan savayı böyük ehtirasla ifadə edə bilməzdi.
-Bəh, bəh! – İkinci bəyənmə köməkçidən gəlirdi, illərdi ağanın kölgəsinə çevrilmiş birisi təbii ki, kölgəsi olduğu fiquru təsdiqləməkdə haqlı idi. – Ağanın rəssamlığına heç bələd deyildim! – O, heyrətini büruzə verdi. – Maşallah ağa, bəd gözdən uzaq… Ağa rəssamış ki…
Lakin imam köməkçisinin səhvinə tez düzəliş verdi:
-İmam həm də rəssammış!
-Əfv edərsiz, ağa!
-Gərək bacardığımzı inqilabdan əskik etməyək… – İmam gördüyü işi məmnuncasına inqilabın xeyrinə yozdu.
-Mən də elə inqilaba dəstək üçün…
İmam əlindəki sürmə qabını Dehqaniya uzatdiği an, o sözünü kəsib qabı ağadan aldı və içinə nəzər saldı:
-Ağa, ağlıma bir fikir gəlib…
-İmamın əlini öpən birisinin ağlı ideya balalamaqda kəsinliklə mahir olmalıdır.
Xomeyni gülümsəyib ideyasını açıqlamaqdan ötrü köməkçisinə işarə etdi.
-Ağa iltifatına görə xoşhalam!
-Buyur, oğul, buyur!
-Amma, ağa, cürət etmirəm deyim…
-Həya sahibi olduğunu bilirəm, amma mütərəqqi ideyanı gizlətməyi Allah belə günah sayır!
-Ağa deyirəm, bəlkə, bu divarı milliləşdirək!
İmam bir divara, bir Dehqaniyə baxdı… yəqin ki, onun mükəmməl ideyasının sirrini dərk etmədiyindən idi yenidən dönüb şəxsi köməkçisinin ağzına gözün mismarladı.
Dehqani ayağının baş barmağı ilə yerdəki xalçanın saçaqların sığallayırdı. Bu onun utancaqlığını büruzə verən əlamətlərdən biri idi.
-Gəda, doğ qanındakını!
Səbri tükınmiş imam köməkçisinə bundan artıq nəzakətlə müraciət edə bilməzdi. Dehqani divara baxıb susdu ta o zamana kimi ağa onun ayılmasından ötrü əlinin dalı ilə qarnına vurdu.
-Doğ görək burdan nə çıxır!
-Ağa sağ olsun, bu arvadı bir gün soyundursalar, yenə altından kafir amerkan çıxacaq.
-Səddə səd düz deyirsən! Mən bunu heç fikir etməmişdim… – İmam əlini burnundan aşağı sürtərək uzun ağ saqqalının ətəyinədək sığalladı. – Deyirsən, onu özümüz soyunduraq?
İmam soyundurma məsələsində ciddi idimi, ya təsadüfən dedi və ya Dehqaninin gücənib doğa bilmədiyi ideyasının dünyaya gəlməsindən ötrü onun beynində mamaçalıq edirdi. Amma imamın köməkçisi kafir amerkana bənd olmuş gözlərini divardan çəkmirdi ki, çəkmirdi.
-Gəda, səbrimi tükətin aaa… Belə getsə, sən məni günorta namazından saxlayacaqsan, mən də Allahım qarşısında sadiq qul adımı üstümdən atacam. Məni günaha batırma!
-Əstafurla, ağa,..
-Deyirsən, de, mən də bir saatdı qulaqlarımı yapışdırmışam sənin ağzına, ha gözləyirəm bir ağıllı söz deyəcəksən, amma gəlmir ki, gəlmir.
-Bu kafir demokratin…. tü, ağzım çaşdı, xahəri Zeynəb əsgərinin yerinə öz Kuruşumuzu assaq necə olar?
Bu yerdə imamın sifətindəki ifadə sözəgəlməz dərəcədə anlaşılmaz olduğundan təsvir etməkdə qələm acizdir. Suda oksigeni çatmayan balıq kimi, o bir neçə dəfə ağzını açıb-yumdu, lakin ağzındakı karbondan savayı otağa başqa bir şey buraxmadı. Nəhayət:
-Gəda, səndən qan iyi gəlir! – Bağırdı.
Dehqani əvvəl sağ, sonra da sol qolunu burnunun üzərinə qoyub hər ikisini dərindən qoxladı.
-Hardan hopdu bu qan qoxusu sənin üzərinə?
Dehqani əllərini burnuna tutub əvvəlki tərzdə bu dəfə ovcunun iyini ciyərlərinə göndərdi.
-Ağa, o yumurtlayan qara toyuğun başın bayaq üzdüm…
İmamın ona qalın şüşəli eynək altından zəhmlə baxmasına tab gətirməyən köməkçisi səsinə mülayimlik qatıb və bir də ağasının ürəyini oxşayacaq fənd işlətməyə cəhd etdi: – Dedim, ağa bu toyuğu yonmuşkən taleyini həll edim: – O əlini bıçaq kimi öz boğazına çəkib başını yana əydi: – Ağa, o çox üşüyürdü, elə harda tin-bucaq görürdüsə, özünü soxurdu ora. Zavallının dərisi soyuqdan qızarıb, qara-qançul olmuşdu… – İmamın ona diqqətlə qulaq verməsindən şövqə gələn Dehqani nitqini davam etdirdi: – günortaya ondan ağaya bir şorba bişirilməsi üçün aşxanaya göndərdim. Amma vallah əllərimi sabunla yumuşam, istəsə ağa da yoxlaya bilər.
O günahkar uşaq kimi əllərini imamın qarşısına uzatdı, imamsa əlinin dalı ilə vurub onları kənara itələdi.
-Rədd elə bu qamçılarını!
-Ağa, saq olsun, başqa cür necə məndən qan qoxuyar ki?
-Qan sənin içindən gəlir!
O, sarı kəhraba tesbehlə köməkisinin ona yaxın olan qolunu astaca dürtmələdi. Dehqani çaş-baş qalıb əli ilə qarnını köynəyinin üzərindən yoxladı və orda heç bir qan ləkəsinə-filana rast gəlməyəndə imamın ağzına küt baxışlarını dikdi.
-Qan sənin içinə damıb, vicdanına!
-Əstəfurla, əstəfurla! Bunu ağa necə gördü?
-Bunu sən nişan verdin!
-Ağa, qurbanın olum, sabah-sabah bu qan hardan düşdü aramıza? O göydəki Allah özü şahiddir ki, mən sizin sadiq nökərinizəm!
-Şeytanın işinə Allah qarışmaz!
-Bıy,.. – Dehqani təhlükə görmüş qurbağa kimi yerindən atıldı, qıvrılıb ağadan kənarda durdu. – Allah…
-Allah şeytanı yaratdı, amma şeytan Allahdan çox bildiyi üçün onun nəzarətindən çıxdı.
-Ağa, bu nə sözdü mənə deyirsiniz, mən gündə üç dəfə alnımı möhürə çırpan bəndə, mən hardan şeytanla fitnə-fəsad qura bilərəm ki?
-Yuxuda olsan belə, səhv düşündüyün üçün şeytan gəlib səni tapa bilər!
-Dağıl dünya, bu nə ağır addı sabah-sabah gəlib düşdü başıma? Allah özün kömək ol!
Dehqani iki əlini göyə qaldırıb pıçıltı ilə yalvarmağa başladı.
-Kuruş nə karədir ki, o gəlib mənim namaz otağıma soxula?
Dehqani sarısın udmuşdu, dil-dodağının əsməsi qorxunun onun vücudunu bürmələməsindən xəbər verirdi. Yalnız ağzı açıq idi, təbii, oksigeni çatmayan balıq ölüm ayağında ağzını yuma bilmir. Havadan umduğu zərrə qədər oksigeni onun qəlsəmələrinə göndərməsi üçün təbiətdən imdad diləyir. Dehqani Allahından indi bu imdadı diləyərək ağanı yumuşaltmaqdan ötrü asta səslə:
-Ağa unutdumu, bu möhtəşəm dövlətimizin sahibi Kuruşu deyirəm də… – O danışa-danışa imamdan gözün çəkmirdi, onun şərhinə necə reaksiya verəcəyi Dehqaninin müqəddəratını həll edirdi. – Kuruş qanı təmiz ari nəslindəndir, zərrə qədər qarışığı yoxdur. – Qalın göz eynəyinin altında sıxılıb qalan qalın qaşlarını imam alnına doğru dartıb köməkçisinə baxışların çevirdi. – Ağa, o əsl farsdır, təmiz qandır! Onun ata-anası bacı-qardaş olublar. Təkcə bu bizə əsas verər ki, Kuruşa sitayiş edək…
-Bilirsən, o nə karə olub?
-Əlbəttə, bilirəm… – Dehqani dodağını azca qaçırıb gülümsədi: – Əlbəttə, İran şahı olub!
-Gəda, biz şahı qovduq, taxtını başına uçurtduq, indi nə deyirsən, islam inqilabının müəllifi şah rəsmini asıb ibadətmi edəcək?
-Ağa,.. nökərinəm, başına fırla məni…
-Sus! Sənin o ideyan doğulası deyil…
Güman ki ağa sözünün ardın deməkdən ötrü udqunmuşdu, lakin Dehqani:
-Ağa, qurbanın olum, mənə bir dəqiqə vaxt ver, fikrimi izah edim.
-Sus, gəda, sənin ideyan doğulmamış abort olunmalıdır, yoxsa…
-Yoxsa… – Dehqani onun son kəlməsini tutuquşu kimi təkrarladı.
-Yoxsa, məlum məsələdir, bic balalarla inqilabın şərəfini ləkələrsən!
O bir əli qarnında, bir əli başında durduğu yerdəcə dor ağacı kimi dimdik bitmişdi. Abortu hardan etdirəcəyini dərk etmirdi.