Elməddin Əlibəyzadəyə
ASİF ATA
Elməddin Əlibəyzadəyə
Ümumidraki baxımdan üç problem meydana çıxır:
I. Köçəri xalqların guya mədəniyyət yarada bilməməsi iddiasının cəfəngliyi.
II. “Orxan-Yenisey mənəviyyatı”nın Şumer dünyasıyla əlaqəsi.
III. Türkdilli xalqların etnik birliyi məsələsinin ön plana çıxması.
Məncə, türk etnosu üç ünsürdən ibarətdir:
Şumer ünsürü – bütün başlıca irqi xüsusiyyətləri özündə cəmləşdirən ünsür.
Qədim türk ünsürü – “sırf” türkü cəhətlər.
Monqol ünsürü – ən çox qıpçaqlarda özünü ifadə edir.
“Şumerçilik” – fəlsəfi, idrakı, bədii inkişafda özünü göstərir.
Türkçülük – vətənsevərlikdə, məğrurluqda, müstəqilliyə, azadlığa can atmada aşkara çıxır.
Monqolluq – fatehlikdə özünü biruzə verir.
Şumerçilik – Füzulilik, Nəsimi, bayatılar.
Türkçülük – Babək, Səttar xan.
Monqolçuluq – Teymurləng, Səlim.
Bu haqda düşünmək, Azərbaycanşünaslıqda istifadə etmək.
Azərbaycanla bağlı
“Azərbaycan” adı dəyişilməlidir. O xalqı ifadə etmir. “Odlar Yurdu”nda hamı yaşaya bilər, o ya Oğuzustan, ya da Türküstan adlandırılmalıdır.
“Şimali Azərbaycan” və “Cənubi Azərbaycan” süni anlayışlardır. Ölkə birdir. Onun adı da bir olmalıdır.
Nizaminin bədii ruhunda türkçülük güclüdür: Şirinin namus cəngavərliyi, Fərhadın mərdlik fanatizmi və s. Bunu tədqiq etmək.
Nizaminin türk ruhu problemini geniş tədqiq etmək lazımdır.
Nəsiminin həyatı və şeri – türkçülüyün dahiyanə ifadəsidir; sufilərin ən böyükləri türk olublar: Bəyazid Bistami, Cəlaləddin Rumi, Şəms Təbrizi.
Muğamatın ümumi Şərq mahiyyətiylə yanaşı, türkü cəhətlərini də görmək lazımdır və s. və i.ə.
Azərbaycan – Şərq və türk dünyasının cövhəridir, onu bu cür də tədqiq etmək lazımdır.
Sənə uğurlar diləyirəm.
Asif Əfəndiyev
2.XI.81 il.