Suriyada savaş cinayətlərinə görə İrana qarşı şikayət
Suriyalı bir sıra insan hüquqları fəalları Suriya savaşı zamanı Suriya və İran əsgərlərinin “savaş cinayətləri” ilə ittiham olunmasını tələb edərək Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
Guardian-ın məlumatına görə, şikayət Suriya savaşında iştirak etmiş suriyalıların dəlillərinə və İran hərbçiləri və İslam Respublikasına bağlı milislər tərəfindən törədilən savaş cinayətlərinin şahidləri və qurbanlarına əsaslanır.
Zərərçəkmişlərin işini Heidi Dixtal adlı Britaniyalı vəkil müdafiə edir.
Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ərizəsində şahidlər mülki şəxslərin bombalanması və güllələnməsi, məhkəmədənkənar qətllər, əsassız saxlanma və həbslər, döyülmə hallarını göstəriblər. Bu şahidlər İslam Respublikasının təhlükələri və cinayətləri səbəbindən Suriyadan qaçmağa məcbur olduqlarını bildiriblər.
Şahidlərin sözlərinə görə, “Qüds” qüvvələri və İranın dəstəklədiyi silahlı birləşmələr, o cümlədən Livan Hizbullahı, Fatimilər və Zeynəblər, Suriya hökumət qüvvələri ilə birlikdə o zaman məğlub olmuş İŞİD-in kökünü kəsmək bəhanəsi ilə sünni müsəlman əhalinin məcburi köçünü davam etdiriblər.